29 iyul 2020

Bakıda pandemiya şəraitində aviasiya və turizm sahələrinin əməkdaşlığı müzakirə olunmuşdur

Danışıqlarda əsas diqqət pandemiya zamanı turizm sektorunun inkişafı və bu baxımdan mülki aviasiyanın rolu olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən iyul ayının 28-də ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü keçirilmişdir. Danışıqlarda “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev, “Azərbaycan Hava Yolları”nın Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev və Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov iştirak edirdi.

Görüşdə Fuad Nağıyev qeyd etdi ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur. Bu zaman qərarlar tez bir zamanda qəbul edilməli, reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir.

“Azərbaycan Hava Yolları”nın prezidenti bildirdi ki, görüş ərəfəsində keçirilən videokonfrans zamanı səsləndirilən turizm şirkətlərinin arzularını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribyutor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində oflayn satışı açacaqdır.

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.