31 dekabr 2022

KASPI.AZ | "Hotellərə Ulduz Sertifikatının təqdim olunmasını ləngidən səbəblər"

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam hotellərin ulduz təsnifatına layiq görülmə prosesinin ləngiməsində pandemiyanın rolunu qeyd etdi: “Ulduz kateqoriyası üçün müraciət məcburi xarakter daşımırdı. Hotellər özləri müraciət edirdi və proses ləng gedirdi. Pandemiya, sənədləşmənin ləngiməsi və prosesin məcburi olmaması prosesi ləngitdi”.

Direktor bildirir ki, Azərbaycan Hotel Assosiasiyasının ulduz təsnifatı ilə bağlı 248 kriteriyası var. Bunlardan 4-ü əsasdır ki, bütün hotellərin xidməti bu kriteriyaya uyğun olmalıdır: “Təmizlik-gigiyena qaydaları, hər şeyin işlək vəziyyətdə olması, personalın peşəkarlığı, qeydiyyatda (front office) işləyən işçilərin ən azı iki dilə sahib olması və qonaq qəbulu üçün daha peşəkar sistemin olması vacibdir. Bəzi hotellərdə qonaq qəbulunu kompüterdə və ya kağızda qeyd edirlər”. G.Sağlam qeyd edir ki, qonaqpərvərliyi beş ballıq sistemlə qiymətləndirilən hotellər bu siyahıya daxil deyil: “Biz möhtəşəm hotelləri yoxlamırıq, onlar bu siyahıya daxil deyil. Pandemiyadan irəli gələn karantin vaxtı sahibkarlar hotellərə yatırım edə bilməyiblər. Bu da monitorinqlər vaxtı xüsusən regionlarda çoxlu problemləri ortaya çıxarıb. Ən böyük problemlər təmizlik və gigiyena qaydalarına riayət olunmaması, təmirin yoxluğu ilə əlaqədardır. Hotellər var ki, tam təmirsizdir. Mebelləri, çarpayıları pis vəziyyətdədir. Yoxlamalardan sonra hotellərin hamısına vaxt verildi ki, özlərini sahmana salsınlar və ondan sonra onların ulduzunu ölçək. Ulduz təsnifatına layiq görülməni hotellərin verdikləri xidmətə görə ölçürük. Yerində təmizlik yoxdursa, təqdim etdikləri əşyalar işlək vəziyyətdə deyilsə, qiymətləndirmədə də ləngimələr olur”.

Assosiasiya rəhbərinin sözlərinə görə, həm Bakıda, həm də regionda xidmət səviyyəsi aşağı olan hotellər fəaliyyət göstərir: “Elə hotellər var ki, özlərini yüksək ulduza namizəd görüblər. Şəhərin yaxşı yerində yerləşir, xudmanidir, amma hotelə diqqət göstərməyəndə vəziyyəti pisləşir. Ulduz veriləndən sonra 3 il ərzində hotellər monitorinq olunur. Hotellərə ulduz verilməklə iş bitmir. Rəqəmsal platforma ilə hotellərlə əməkdaşlıq edirik. Qonaqların dəyərləndirməsi ölçülür. Hər həftə hotelin vəziyyəti ilə bağlı hesabat təqdim edilir. Hər ulduza görə indeks var. Qonaq rəylərini araşdırırıq. Bəzən qonaq lazımsız yerə rəy yazır. Amma “çirkdir, işlək deyil” yazılırsa, bu, nəzərə alınır və hotelə xəbərdarlıq edilib 3 ay vaxt verilir. Bu düzəlişlər olmasa, təzədən audit olunur. Hotel auditdən keçməsə, ulduzu əlindən alınır. Bu, uzun bir prosesdir”. Milli ulduz təsnifatı zamanı həmçinin hotelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir. Bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Hotel bu tələblərə cavab vermədikdə ona verilən ulduz əlindən alınır: “Hotel auditdən keçəndən sonra qərəzsizlik komissiyası tərəfindən rəylər verilir və protokol hazırlanır. Hotel həm beynəlxalq, həm yerli sertifikat alır. Bir mövsüm ərzində elə hotellər var ki, ulduzları aşağı düşür. Bu baxımdan hər bir sahibkar hoteli davamlı diqqətdə saxlamalı, şəraitinə, xidmətə düzgün fikir verməlidir”.

Ətraflı: https://kaspi.az/hotellerin-ulduzlasdirilmasi-ni-lengiden-sebebler

İnformasiya bülleteninə abunə olun və ən son tədbirlər haqqında məlumat alın

Biz kukilər istifadə edirik!

İstifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə kukilərdən istifadə edirik. Veb-saytımızdan istifadə etməklə kuki siyasətimizlə razılaşırsınız.